вторник, 17 февраля 2015 г.

Bakıda I sinfə qəbul elektron formada aparılacaq

2015-2016-cı tədris illəri üçün Bakı şəhərində ümumtəhsil müəssisələrinə I sinif şagirdlərinin qəbulunun elektron formada aparılması nəzərdə tutulur. Lent.az-ın məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, hazırda bu istiqamətdə aparılan işlər tamamlanmaq üzrədir. Bu ay ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey, gimnaziya tipli müəssisələrə qəbul üzrə də ictimaiyyətə geniş açıqlama veriləcək.

Nazir müavini deyib ki, lisey, gimnaziya tipli bir sıra təhsil müəssisələri öz nizamnamələrinə uyğun olaraq, I sinfə qəbulu seçim edərək aparırlar: "Digər ümumi təhsil müəssisələri isə I sinfə qəbulu ümumi əsaslarla aparırlar. Qeydiyyatın forması və sənədlərin təqdim edilməsi elektron formada aparılacaq. Təhsil sistemi böyük olduğundan yeniliyi bütün ölkədə eyni vaxtda etmək mümkün olmur. Bakı şəhərində I sinfə qəbulun elektron formada aparılması pilot layihə kimi qəbul edilməlidir. Bu prosesin nəticəsində biz görəcəyik ki, hansı müsbət nəticələr əldə etdik. Ola bilsin ki, prosesin təkmilləşməsinə ehtiyac duyuldu. Bu sistemin tam özünü doğrultduğuna əmin olduqdan sonra Təhsil Nazirliyi bunun daha geniş tətbiqini həyata keçirəcək. Bu, bir günə baş tutan proses deyil. Paytaxtda keçirilən qəbulun nəticələri təhlil edildikdən sonra onun respublika üzrə tətbiq edilməsi barədə də qərar qəbul ediləcək"

mənbəə: http://news.lent.az/news/193129

Комментариев нет:

Отправить комментарий